CƏMİYYƏT


Yeni dərs ilində Həkimləri Təkmilləşdirmə İnstitutunda  bir sıra yeniliklər tətbiq olunacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

Hər yerdə olduğu kimi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da yeni tədris ili başlayıb. Cari tədris ili üçün Səhiyyə Nazirliyinin təsdiq etdiyi təqvim planında bir sıra yeniliklər var.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, təqvim planına müasir, informasiya və təhsil texnologiyalarına əsaslanan ixtisasartırma kursları daxil edilib. Cari tədris ilindən səhiyyə nazirinin əmrinə uyğun olaraq səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə davamlı tibbi təhsil sisteminə keçid dövrü başlanılacaq. Həmin əmrlə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilib, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə öz işlərində onlara əsaslanmaq tapşırılıb.

Keçid dövrü üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedralarında təkmilləşdirmə kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu pilot layihəsi üzrə aparılacaqdır. Tətbiq ediləcək “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”a əsasən davamlı tibbi təhsili ali tibb təhsilini təsdiq edən sənəd alınan gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrünü əhatə edir. Davamlı tibbi təhsilin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçiriləcəkdir. Həmin kreditlər təkmilləşmə kurslarında və toplanma sistemi metodu ilə yığılacaqdır.

Təkmilləşdirmə kursları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən müvafiq ixtisaslar üzrə təhsil proqramlarının modulları əsasında həyata keçirilir, əyani və distant (məsafədən) formada təşkil edilir.

Təkmilləşdirmə kursunun minimal müddəti 1 həftədən az, maksimal müddəti isə 2 həftədən çox olmamalıdır.

Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris, yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibb təhsili fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.

Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır. Davamlı tibb təhsili kreditlərinin hesablanması təsdiq olunmuş xüsusi cədvələ əsasən aparılacaqdır. Sertifikasiya dövründə davamlı tibb təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. Təkmilləşdirmə kurslarından istifadə olunduqda ixtisas üzrə təhsil proqramının bütün modullarını bir (və ya bir neçə) təkmilləşdirmə kursu ilə keçərək 240 kreditin toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün kifayət edəcəkdir.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həyata keçiriləcək pilot layihəsinin nəticələrinə əsasən davamlı tibbi təhsil sistemi digər ixtisaslar üzrə də tətbiq olunacaqdır.

Yeni tədris ilində də tədris prosesində modul sistemindən istifadə ediləcək, iş yerində ixtisaslaşma keçmək istəyən həkimlər üçün də şərait yaradılacaqdır. Həmin arzuda olan həkimlərin çalışdıqları müəssisə rəhbərləri məktub yazaraq institut rəhbərliyinə müraciət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.