REGİONLAR
Yeni dərs ilində Lerikdə 180 şagird yerlik yeni məktəb binası istifadəyə veriləcək
Lerik, 9 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Dağlıq ərazidə yerləşən Lerik rayonunda təhsilin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin ixtiyarına verilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən tədris ilində rayonun Orand kənd tam orta məktəbi üçün tikilmiş 180 şagird yerlik yeni, üçmərtəbəli məktəb binası tədris və idman korpusundan ibarətdir. Tədris korpusunda on bir sinif otağı, informatika, texnologiya, fizika, kimya, çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana və oxu zalı, məktəbəhazırlıq qrupu və tibb otaqları, bufet var.
Məktəb binasında videomüşahidə, yanğın əleyhinə xəbərdarlıq sistemləri, internet xətti mövcuddur. Binanın istiliklə təmin olunması üçün təbii qazla və ya elektriklə işləyən, müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb.
Məktəbin elektrik enerjisi ilə təminatı üçün 100 kilovoltluq transformator yarımstansiyası quraşdırılaraq generatorla təmin edilib.
Ötən il Lerikdə, həmçinin Təhsil Nazirliyi tərəfindən 20 yeni modul tipli məktəb binası tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib. Rayonun Siyov kənd tam orta məktəbi üçün inşa edilən 180 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb. Təhsil müəssisəsinin binası yeni dərs ilində istifadəyə veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 8 avqust tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncamına əsasən 13 rayonda 26 modul tipli məktəb binasının quraşdırılması nəzərdə tutulub. Bu məqsədlə Təhsil Nazirliyinə 7 milyon manat vəsait ayrılıb.
Həmin Sərəncama əsasən Lerik rayonunda dörd ədəd modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. Andurma, Aşağı Çayrud və Laman kənd ümumi orta məktəblərinin hər biri üçün 40, Loda kənd ibtidai məktəbi üçün 20 şagird yerlik modul tipli məktəb binaları quraşdırılır.