CƏMİYYƏT


Yeni doğulan beşəm K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib

Bakı, 13 avqust, AZƏRTAC

Bakı şəhərində yerləşən özəl klinikaların birində ana Günel Məmmədova tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, 4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməzlik əlamətləri qeyd olunub.

Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb.

İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir. Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.

Qeyd edək ki, körpələr – 1 kilo 260 qram, 1 kilo 20 qram, 1 kilo 30 qram, 1 kilo 300 qram, 1 kilo 180 qram olmaqla doğulublar.

Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.