REGİONLAR
Yeni doğulmuş uşaqlarda göz müayinələri aparılır
Naxçıvan, 8 dekabr, AZƏRTAC
Naxçıvan Doğum Mərkəzində yeni doğulmuş uşaqlarda göz müayinələri aparılır. Müayinələr uşaqların gözlərindəki inkişaf qüsurları, gözdaxili təzyiq və anadangəlmə kataraktanın aşkara çıxarılması məqsədilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, artıq 350-yə yaxın körpə müayinə olunub, 5 uşaqda göz xəstəliyi aşkar edilib və onlar təyinatı üzrə müalicə alıblar.
Naxçıvan Doğum Mərkəzinin oftalmoloqu Samiq Sadiqovun sözlərinə görə, digər orqanların inkişaf qüsurları doğumdan dərhal sonra nəzərə çarpsa da, gözlə bağlı problemlər müayinə edilmədikdə özünü büruzə vermir. Buna görə də valideynlərin bu cür xəstəliklərdən xəbərdar olması övladlarını vaxtında müalicə etdirmələrinə şərait yaradır.