REGİONLAR


“Yeni dövrün ən yaxşı mühasibi” adlı II muxtar respublika müsabiqəsi başa çatıb

Naxçıvan, 16 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Yeni dövrün ən yaxşı mühasibi” adlı II muxtar respublika müsabiqəsi başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Maliyyə Tədris Mərkəzində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qaydada qeydiyyatdan keçmiş 45 nəfər iştirak edib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru çıxış edərək əldə olunan nailiyyətlərdən və tətbiq edilən yeniliklərdən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən dövlətimizin başçısının ötən illər ərzində həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də ənənəvi uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnib. Bu isə mühasiblərin bilik və bacarıqlarının beynəlxalq tələblərə cavab verməklə artırılmasını günün tələbinə çevirir.

Qeyd edib ki, müsabiqənin əsas məqsədi mühasiblər arasında rəqabətin artırılmasına, bilik və bacarıqların dünya standartlara uyğun olaraq təkmilləşdirilməsinə şərait yaratmaq, əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə zamanı büdcə və kommersiya təşkilatlarında çalışan mühasiblər, həmçinin tələbələr üçün uyğun olan fərqli sual kitabçaları təqdim edilib. Kitabçada əks olunan suallar açıq və qapalı tipli 25 tapşırıqdan ibarət olub. Maliyyə uçotu, İctimai sektor üzrə mühasibat uçotunun beynəlxalq standartları və maliyyə hesabatlarının beynəlxalq standartlarını əhatə edən tapşırıqlar həm nəzəri, həm də praktiki məsələləri əhatə edib. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılıb.

Mühasiblər və tələbələr arasında ən yüksək nəticə toplayan ilk üç yerin qaliblərinə diplom, hədiyyə və Maliyyə Tədris Mərkəzinin sertifikatı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.