İQTİSADİYYAT
Yeni hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb
Bakı, 13 avqust, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 11-də keçiriləcək hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyət, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.
Komitədən AZƏRTAC-a bildirilib ki, elektron mühitə inteqrasiya olunmuş hərrac sistemi investorları və əmlak sahibi olmaq istəyən bütün şəxsləri iştiraka həvəsləndirir. Hər kəs geniş seçim imkanından istifadə edərək kriteriyalarına uyğun arzuladığı əmlaka rahatlıqla sahib ola bilər. Hərraca çıxarılan hər bir dövlət əmlakı barədə məlumat və təsvirlər Özəlləşdirmə portalında (privatization.az) yerləşdirilir. Vətəndaş seçdiyi əmlakı elə portaldan onlayn formada sifariş verərək iştirak imkanı qazana bilər. İş mühitindən ayrıla bilməyən və ya vaxtına qənaət etmək istəyən şəxsin müəyyən olunmuş vaxtda hərrac keçirilən ünvana gəlməyinə ehtiyac yoxdur. Elektron hərracın üstünlüklərindən biri də prosesdə internet resursları vasitəsilə onlayn iştirak və izləmək imkanının olmasıdır.
Yeni hərraca Bərdə, Oğuz, Salyan, Şəki kimi rayonlarda yerləşən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətlər çıxarılıb. Onlara Lerik Kəndkimya, Kürdəmir Quşçuluq, Şəki Tikinti Quraşdırma kimi dövlət əmlakları aiddir.
Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtla yanaşı, Salyan, Astara, Lənkəran və digər şəhər və rayonlarda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,8 kvadratmetr ilə 3 min 763 kvadratmetr aralığındadır. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklardan biri də Salyan rayonu, Peyk kəndində yerləşən Yardımçı kənd təsərrüfatıdır. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 66,7 kvadratmetrdir.
Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 9-u Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 18 kvadratmetr ilə 446 kvadratmetr intervalındadır. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən obyekt kiçik sahibkarlıq fəaliyyəti üçün uğurlu seçim ola bilər. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 35,5 kvadratmetr, təyin olunan ilkin hərrac qiyməti isə 12 min 750 manatdır.
Budəfəki hərraca “Mercedes”, “BMW”, “Vaz” və “Fiat” markalı nəqliyyat vasitələri də çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1996-2007-ci illəri əhatə edir.
Vətəndaşlar hərracda özəlləşdirməyə çıxarılan dövlət əmlaklarına sifariş vermək üçün Özəlləşdirmə portalında mövcud siyahıdan əmlakı seçərək ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçiyə çevrilə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını, eləcə də prosesi izləmək istəyən hər kəsi hərraclarda iştiraka dəvət edir.