CƏMİYYƏT


Yeni idarəetmə modeli övladlığagötürmədə uşaqların mənafelərinin üstünlüyü prinsipinə əsaslanır

Bakı, 8 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində hazırlanmaqda olan yeni idarəetmə modeli övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması və bu sahədə güclü nəzarətin həyata keçirilməsi prinsiplərinə əsaslanır.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən işçi qrupun görülən işlərin müzakirəsinə həsr olunmuş iclasında deyıb. Nazir qeyd edib ki, övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsi də öyrənilməklə hazırlanan yeni təkmil modelin bu ilin ortalarından tətbiqi nəzərdə tutulur.

İclasda övladlığagötürmədə elektron sistem üzərində müasir, çevik və şəffaf prosedurların, yeni yanaşmaların tətbiq ediləcəyi bildirilib. Qeyd olunub ki, valideyn himayəsindən məhrum olmuş uşaqları qanunvericilik qaydasında övladlığa götürmək arzusunda olan şəxslər üçün hər hansı bürokratik əngəllər, məhdudiyyətlər və süründürməçilik baş verməyəcək.

Nazir valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin təkmil uçotunun formalaşacağını deyib. O qeyd edib ki, dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması məqsədilə hazırlanmış funksional tələblər əsasında işlər aparılır. Həmin altsistemə inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısına dair təkliflər də aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim edilib. Övladlığagötürmə sahəsində yeni idarəetmə modelinin qurulması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər, Ailə və Mülki Prosessual məcəllələrə dəyişiklik layihələri də hazırlanıb.

İclasda övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə işçi qrup tərəfindən görülən işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.