REGİONLAR
Yeni il gecəsini Qaxın “El Resort” otelində keçirmək arzusunda olanları çox maraqlı sürprizlər gözləyir
Qax, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Əsrarəngiz təbiəti, iqlimi, zəngin fauna və florası ilə seçilən Qax rayonunun turizm obyektləri ilin bütün fəsillərində turistləri özünə cəlb edir. Rayonda turizmin digər növləri kimi, qış turizmi də inkişaf etməkdədir. Təsadüfi deyildir ki, son illər Yeni il gecəsini və bayram tətili günlərini bu gözəl diyarda keçirmək istəyənlərin sayı xeyli artıb.
Rayonda yerli və xarici turistlərin ən çox üz tutduqları turizm obyektlərindən biri də hər cür şəraiti və yüksək səviyyəli xidməti ilə seçilən “El Resort” otelidir.
Otelin meneceri Şamil Əfəndiyev AZƏRTAC-a eksklüziv müsahibəsində Yeni il axşamını, eləcə də bayram tətili günlərini burada keçirmək arzusunda olanları çox maraqlı sürprizlər gözlədiyini bildirib. Otelin təmsilçisinin verdiyi məlumata görə, dekabrın 30-dan yanvarın 2-dək davam edəcək üç günlük bayram paketinə gündə 3 dəfə yemək, “Yeni il hekayəsi” adlı şou-əyləncəli bayram proqramı, Yeni il karnavalı, diskoteka, həmçinin təbiət qoynuna, rayonun tarixi məkanlarına ekskursiyalar daxildir. Paytaxtdan qonaq gələcək məşhur “Rast” qrupu milli, estrada və caz kompozisiyaları ilə, 80-ci illərin sevilən hitləri ilə istirahətçilərə xoş anlar bəxş edəcək.
Üçgünlük bayram paketinin qiyməti bir nəfər üçün 450 manatdan başlanır. Bayram günlərində istirahətçilər otelin qapalı hovuz, türk hamamı və idman qurğularından geniş istifadə edəcək, kinozalda müxtəlif filmləri seyr edəcək, Azərbaycan və dünya mətbəxinə məxsus ləziz təamları, eləcə də bu yerlərə xas olan milli yeməkləri dadacaqlar.