CƏMİYYƏT


“Yeni klinika”da onlayn randevu sistemindən istifadə etmədən peyvənd vurdurmaq mümkündür

Bakı, 23 iyul, AZƏRTAC

Vətəndaşlar “Yeni klinika” tibb müəssisəsində onlayn randevu sistemindən istifadə etmədən yeni növ koronavirus (COVID-19) əleyhinə peyvənd vurdura bilərlər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, “Yeni klinika” tibb mərkəzində vaksinasiya canlı növbə ilə həyata keçiriləcək.

Məlumata əsasən, əhali arasında peyvəndləməyə marağın artdığını nəzərə alaraq, “Yeni klinika” tibb mərkəzində “SinoVac” və “Pfizer vaksinlərinin istifadəsinə başlanılıb. Vətəndaşlar canlı növbə ilə vaksin vurdurmaq üçün həftəiçi 5 gün olmaqla, 10:00-dan 16:00-dək tibb müəssisəsinə yaxınlaşa bilərlər.

TƏBİB-in əməkdaşı Elnarə Baxış deyib ki, apreldən etibarən TƏBİB-in səyyar vaksinasiya briqadaları fəaliyyət göstərir: “Dövlət və özəl müəssisələrdən daxil olan 100-dən çox müraciət əsasında, səyyar vaksinasiya briqadalarının fəaliyyəti davam etdirilir. Layihə çərçivəsində 9 min nəfərdən çox vətəndaş vaksinasiyadan keçib. Onlardan təxminən 3 min nəfəri birinci doza, 6 min nəfəri isə ikinci doza peyvənd vurdurub. Ölkəmizdə vaksinasiya prosesi strategiyaya uyğun olaraq, uğurla davam etdirilir və vətəndaşlar arasında onlayn randevu sistemi olmadan canlı növbə ilə peyvəndləməyə maraq çoxdur”.

Qeyd edək ki, Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 415 min 967-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 602 min 510, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 813 min 457 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.