DÜNYA
Yeni material günəş panellərinin effektivliyini artıracaq
Bakı, 11 iyul, AZƏRTAC
Alimlər günəş panellərini tozdan qoruyaraq səhralarda günəş enerjisinin istehsalının effektivliyini artıracaq nazik polimer plyonka yaradıblar.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, səhra kimi yerlərdə günəş panellərinə yatan qalın toz qatı onların effektivliyinin azalmasına səbəb olur. Buna görə də alimlər tozu müstəqil təmizləyə bilən yeni material hazırlayaraq, günəş şüalarının təsiri ilə dəyişən xüsusi polimer plyonka yaratmağa nail olublar. Bu, günəş panellərinə yatan tozu avtomatik təmizləməyə imkan verəcək.
Polimer plyonka Eyndhoven Texnoloji Universiteti və Berlin Humboldt Universitetinin tədqiqatçıları tərəfindən ərsəyə gətirilib. Materialın tərkibində lazımi effekt yaradan xüsusi işığa həssas molekullar var.
Eyndhoven Texnoloji Universitetinin tədqiqat qrupunun rəhbərinin sözlərinə görə, işığa həssas molekullar görünən spektrin şüalanmasının təsiri ilə əyilir və uzanır. İntensiv ultrabənövşəyi şüaların təsiri ilə formasını dəyişən və özünübərpa edən materialdan fərqli olaraq yeni plyonkaya iş üçün adi günəş işığı kifayət edir.