REGİONLAR
Yeni mənzillər və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb
Naxçıvan, 19 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir. Görülən işlərin davamı olaraq ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 160 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb. Bunun da 129-u əhali, 31-i qeyri-əhali abonentlərdir.
Qaz İstismar Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay qaz təsərrüfatında, Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilib, 94 sayğac quraşdırılıb. Qaz cihazlarından istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə işləri aparılıb, müvafiq qurumların əməkdaşları ilə birgə reydlərin keçirilməsi davam etdirilib.
Xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi ixtisasartırma kursuna cəlb olunmuş müdavimlərin tədrisi davam etdirilib. Xidmətin qaynar xəttinə qaz sızması, tənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə 1160 çağırış daxil olub, qəza hadisələri vaxtında aradan qaldırılıb.