İQTİSADİYYAT


Yeni metro qatarları Moskvadan Bakıya yola salınıb

Bakı, 30 iyun, AZƏRTAC

Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə QSC-nin Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti “Metrovaqonmaş” müəssisəsində olub.

Bakı metropoliteni üçün istehsal edilən vaqonların Azərbaycana yola salınmasından əvvəl Bakı metropoliteninin və “Metrovaqonmaş”ın nümayəndələri müəssisədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirən lövhənin önünə gül çələngi qoyub, müəssisənin həyətində 2019-cu ildə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə salınmış parkdakı ağacları suvarıblar.

Daha sonra müvafiq texniki prosedur qaydalarına uyğun olaraq, qatarlar təftiş olunub. Bakı metropoliteninin qoyduğu tələblərə uyğun istehsal edilmiş vaqonlar daha sonra Bakıya yola salınıb.

Paytaxta gətiriləcək 4 qatar tərkibi “Nərimanov” elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla da, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun vaqonların sayı 95-ə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.