REGİONLAR
Yeni nəsil kombaynlar dağlıq və dağətəyi zonalarda da taxılçılıq təsərrüfatlarını inkişaf etdirməyə imkan yaradacaq FOTO VİDEO
Yardımlı, 27 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Bu il respublika ərazisində (Naxçıvan MR istisna olmaqla) 973749,35 hektar taxıl sahəsi mövcuddur ki, bunun 613460,35 hektarı buğda, 360289 hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə, ümumilikdə, 1700-dən çox taxılbiçən kombayn cəlb edilib. Bunun 700-dən çoxu “Aqrolizinq” ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən əvvəlcə 50 hektara qədər olan taxıl sahələri biçilir. Biçin qiymətləri də ötənilki kimi qalır, yəni, 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.
Biçinə əvvəlcə Aran rayonlarında arpa sahələrindən başlanılıb. Hazırda Aran rayonlarında arpa biçini demək olar ki, yekunlaşıb və buğda biçini aparılır. Həmçinin dağətəyi sahələrdə arpa biçini həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu il Prezident İlham Əliyev tərəfindən dağlıq sahələrdə biçinin həyata keçirilməsi üçün yeni kombaynların alınması məqsədilə vəsait ayrılıb. Belə ki, “Aqrolizinq” ASC tərəfindən 25 ədəd kombayn alınıb və onun bir hissəsi artıq ölkəyə idxal olunub. Yeni kombaynlar əsasən biçilməsi çətin olan, dağlıq relyefli sahələrdə biçinin aparılması üçün nəzərdə tutulub. İlkin olaraq Yardımlı, Cəlilabad və Lerikdə biçin aparacaq bu kombaynların çətin relyefli sahələrdə təqdimatı keçirilib.
“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, ölkəyə gətirilən yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynları sayəsində artıq dağlıq və dağətəyi zonalarda da taxılçılıq təsərrüfatlarını inkişaf etdirməyə imkan yaranacaq. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq. Fermerlər əvvəllər yalnız meyilliliyi az olan düzən Aran rayonlarında suvarma şəraitində taxıl əkinindən məhsul götürə bilirdilər. Bundan sonra yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynı ilə nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda dəmyə şəraitində dənli bitkilər də biçiləcək və nəticədə ölkəmizin taxıl ehtiyacının azalmasına imkan yaranacaq.
Bu kombaynın biçici başlığının yamacda 38 dərəcə bucaq altında və hündürlükdə 32 dərəcə bucaq altında dayanıqlılığı ilə meyillilikdə sağa-sola hidravlik tənzimlənərək biçin edə bilməsi kombaynın daha bir üstünlüyüdür. Bundan başqa, kombaynın 6000 litr həcmində iri taxıl bunkeri və saman-küləş silkələyici qurğusu fermerlərimizə təmiz və bol məhsul yığmasına kömək edəcək.