ELM VƏ TƏHSİL
Yeni nəşr: Avtomobil nəqliyyatının ərazi təşkili və yol tikintisində keyfiyyətə nəzarət
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri - "Avtomobil nəqliyyatının ərazi təşkili və yol tikintisində keyfiyyətə nəzarət" kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifləri texnika elmləri doktoru Şahin Həsənov, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani, texnika üzrə fəlsəfə doktorları Kamil Əliyev və Cəsarət Camalovdur. Əsər institutun elmi şurasının qərarı ilə çapa hazırlanıb.
Kitabda Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti və relyef xüsusiyyətləri nəzərə alınmaqla, beynəlxalq standartlara cavab verən yeni avtomobil yollarının layihələndirilməsi və yolların tikintisi zamanı keyfiyyətə nəzarət məsələləri araşdırılıb. Bununla yanaşı, qruntların təsnifatı aparılıb və laboratoriya sınaqları barədə geniş məlumatlar verilib.
Kitab iqtisadi və sosial coğrafiya, həmçinin avtomobil yolları və inşaat materialları ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr), bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.