ELM VƏ TƏHSİL
Yeni nəşr: Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı
Bakı, 1 iyun, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və professor Sayalı Sadıqovanın həmmüəllifi olduqları “Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı” monoqrafiyası nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşmə qaynaqları, inkişaf istiqamətləri ətraflı şəkildə zəngin faktlarla araşdırılıb. Tədqiqat əsərində ədəbi dilin zənginləşməsində qədim abidələrin, orta əsrlərə aid tərcümə əsərlərinin, lüğətlərin rolu, söz yaradıcılığı və inkişaf meyilləri təhlil edilib.
Monoqrafiyada əksini tapan tərcümə əsərlərinin farsca mətnlərində işlənən bir sıra düzəltmə və mürəkkəb sözlərin dilimizə tərcüməsi üsulları müəyyənləşdirilib. Klassik tərcümə əsərlərinin zəngin lüğət tərkibi tarixi leksikologiyanın hərtərəfli araşdırılması baxımından ilkin dəyərli qaynaqlardan biri sayılır. Türk dillərinin əski qatlarına aid sözləri əhatə edən bədii tərcümələrin dilində çoxlu qədim və nadir türk mənşəli sözlər işlənib ki, onların müəyyən hissəsi zaman keçdikcə unudularaq çağdaş ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan leksemlərə çevrilib, bəziləri isə dilimizin ayrı-ayrı dialektlərində kiçik dəyişikliklə qorunub saxlanıb. Bu baxımdan orta əsrlərə aid Azərbaycan tərcümə nümunələrində işlənmiş türk mənşəli qədim sözlər monoqrafiyada geniş təhlil olunub. Xüsusən dilin lüğət tərkibinin tarixən inkişaf yolları, yaranma üsulları, mənbələri araşdırılıb.
Dilin daxili ifadə imkanlarının zəngin olduğunu nəzərə alaraq monoqrafiyada yaranan məfhumları adlandırmaq, ifadə etmək yolları da müəyyənləşdirilib. Həmçinin dilin terminoloji sistemi, onun əsas xüsusiyyətləri və spesifik cəhətləri ilə bağlı araşdırmalar aparılıb.
Dilin lüğət tərkibinin zənginləşmə qaynaqları, dildə gedən söz yaradıcılığı prosesi monoqrafiyada ilk dəfə geniş və ətraflı şəkildə araşdırılıb.
Əsərin elmi redaktoru professor Buludxan Xəlilov, rəyçiləri professorlar İsmayıl Məmmədli və İkram Qasımovdur.