ELM VƏ TƏHSİL
Yeni nəşr: “H`ayların və armenlərin mənşəyi”
Bakı, 16 sentyabr, AZƏRTAC
Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoyun “H`ayların və armenlərin mənşəyi” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professor Aslan Məmmədli və Qafar Çaxmaqlıdır.
Müəllif əsərdə qədim h`ayların indiki ermənilərə və armenaklara heç bir aidiyyəti olmadığını faktlarla sübuta yetirir. O, h`ayların əsl adının Ay olduğunu, aya sitayiş edərək özlərini Ayli adlandırdıqlarını qeyd edir. Bildirilir ki, 387-ci ildə h`aylar və onların tabeçiliyində olan xırda xalqlar yunanların və sasanilərin təsiri altına düşüb, öz dillərini, dinlərini, genlərini dəyişib, tamamilə başqa xalqa çevriliblər. H`aylar türklər kimi iltisaqi dilli olublar. İndiki ermənilər isə flektiv dillidirlər. H`ayların qəbilə tanrılarından biri Uquz, yəni Oğuz adlanırdı. Onlar ilk xristianlıq dövründə patriarxlarına ata, atamxan deyirdilər. İlahə ananı Ana, ilahə nənəni Nana adlandırırdılar. Sonra o teonimləri Anait və Nuneyə çevirdilər.
H`ayların bir qəbiləsi xristianlıqdan əvvəl beş siklop daşa sitayiş edir və özlərini Peş Taş adlandırırdılar. Xristianlıq dövründə həmin nəsildən Daşyan İakov adlı din xadimi çıxıb. H`aylar şumerlər kimi Həvvaya uyğun ilahələrinə İva deyirdilər.
Nəşrdə ən maraqlı fəsillərdən biri “Türk h`ayların Heraklıdır” adlanır. Arxaik forması Turuk olan o nəsil eramızdan əvvəl 18-ci əsrdə Troya şəhərini salıb. “Əsli və Kərəm Davud oğlu Süleyman dönəmində” fəslində isə iki qədim kult əksini tapıb.
Kitabdan dilçi və ədəbiyyatşünas alimlər, tarixçilər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi istifadə edə bilər.