REGİONLAR
Yeni pambıq sortları ənənəvi becərmə şəraitində qiymətləndiriləcək
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanda 4-ü Yunanıstan, 4-ü Türkiyə, 4-ü Azərbaycan mənşəli olmaqla, 12 pambıq sortunun ənənəvi becərmə şəraitində qiymətləndirilməsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Yunanıstanın “Bios Agrosystems” şirkətinin 6 nəfərdən ibarət mütəxəssis qrupu mayın 3-6-da Azərbaycanda səfərdə olub. Səfər Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Salyan və Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri (RAEİM) arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən pambıq sortlarının ənənəvi becərmə şəraitində qiymətləndirilməsi layihəsi çərçivəsində təşkil olunub.
Bu layihəyə uyğun olaraq yerli və xarici pambıq sortlarının müqayisəli qiymətləndirilməsi aparılacaq. Məqsəd məhsuldarlıq, vegetasiya müddəti, yerli iqlim şəraitinə dözümlülük göstəricilərinə görə fərqlənən sortları seçmək və müvafiq seleksiya işi aparmaqla həmin sortların lif keyfiyyətini artırmaq və nəhayət yerli toxumçuluğun təşkilinə nail olmaqdır.
Müqaviləyə əsasən təcrübələrin 2 sxem üzrə Salyan RAEİM-in və 4 sxem üzrə Tərtər RAEİM-in ərazisində aparılması nəzərdə tutulub. Təcrübələrin təklif edilən sınaq sxemlərinə uyğun olaraq aparılmasına nəzarət etmək və səpində bilavasitə iştirak etmək məqsədilə şirkətin mütəxəssisləri mayın 4-də Salyan RAEİM-in ərazisində bu məqsəd üçün ayrılmış əkin sahəsində olub və toxumların əkin prosesində iştirak ediblər.
Şirkətin mütəxəssisləri mayın 5-6-da Tərtər RAEİM-ə baş çəkib və toxumların sxem üzrə səpinini həyata keçiriblər. Hər iki sahədə səpinqabağı torpaq becərmə işlərinin yüksək səviyyədə aparıldığı müşahidə olunub.
“Bios Agrosystems” şirkətinin mütəxəssislərinin təcrübə sahələrində ilkin qiymətləndirilmənin aparılması və müvafiq məlumatların qeydə alınması məqsədilə iyunun sonlarında Azərbaycana növbəti səfəri gözlənilir.