İQTİSADİYYAT
Yeni qanunvericilik dövlətlər arasında elektron imzanın qarşılıqlı tanınmasına böyük dəstək olacaq
Bakı, 26 may, Elvira Məmmədova, AZƏRTAC
Yeni qanunvericilik dövlətlər arasında elektron imzanın qarşılıqlı tanınmasına çox böyük dəstək olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov jurnalistlərə açıqlamasında deyib.
E.Əsədov bildirib ki, 2014-cü ildə Avropa İttifaqının (Aİ) elektron imza qanunvericiliyi təkmilləşdirilərək eIDAS-la (elektron identifikasiya və etibarlı xidmətlər) əvəzlənib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda mövcud “Elektron imza” qanunvericiliyi Avropa İttifaqının 1999-cu il tarixli direktivinə uyğundur və bu səbəbdən müvafiq sahə üzrə ölkəmizdə təkmilləşdirilmə işlərinin aparılmasına zərurət yaranıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü, Avropa İttifaqının dəstəyi ilə Bakıda keçirilən "Elektron imza və etibarlı xidmətlər: Hüquqi və texniki bazanın təkmilləşdirilməsi” mövzusunda seminarda da elektron möhür, elektron imza, elektron vaxt möhürünün texniki bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Cari ilin aprelində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin mühüm sənədi bu istiqamətdə atılan uğurlu addım kimi dəyərləndirmək olar.