CƏMİYYƏT


Yeni ştamdan qorunmağın yolu peyvəndləmədən keçir

Bakı, 6 dekabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) pandemiyası davam etdikcə yeni ştam və mutasiyalarla üzləşmək ehtimalı böyükdür. Həmin ştam və mutasiyaların qarşısını almaq üçün ən başlıca yol əhalinin əksəriyyətinin tez bir zamanda peyvəndlənməsidir. QİÇS-li xəstənin koronavirusa yoluxması və müalicəsi zamanı virusun mutasiyaya uğraması “omikron” ştamının yaranmasına səbəb kimi göstərilir. Deməli, dünyada əhali bərabər səviyyədə peyvəndlənməsə COVID-19-a yoluxmaq və onunla mübarizə aparmaq məcburiyyətində qalacağıq və bunun nəticəsində müalicə və peyvəndə daha davamlı yeni ştamlar əmələ gələcək. Mövcud müalicə və qoruyucu peyvənd vasitələri ilə yeni yaranan ştamlarla mübarizə aparmaq isə heç də asan olmayacaq. Cənubi Afrikada belə bir mutasiyanın üzə çıxması heç də təəccüblü deyil. Çünki Avropa ölkələri, xüsusilə də peyvəndin istehsalçısı olan ölkələr Afrikanı diqqət mərkəzindən kənarda qoymuşdular.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyada çalışan azərbaycanlı həkim Ümüd Səlimzadə deyib.

Onun sözlərinə görə, Afrika ölkələrində vaksinasiyanın orta göstəricisi 4-6 faiz təşkil edir: “Omikron” ştamının ortaya çıxdığı Cənubi Afrika Respublikasında isə peyvəndlənmə 24 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının bu ilin axırları üçün müəyyənləşdirdiyi limitə əsasən dünya ölkələrində əhalinin ən azı 40 faizi peyvəndlənməlidir. Həmin rəqəmdən aşağı peyvəndlənmə faizi olan ölkələrdə müalicəyə cavab verməyən, idarə olunmayan yeni mutasiyalar yaranır. Peyvəndlənmə siyasəti ikili standartlarla davam etdikcə daha kəskin mutasiyaların əmələ gəlməsi üçün də münbit şərait olacaq”.

Mütəxəssis yeni ştamla mübarizə üsullarından da bəhs edib: “RNT tipli peyvənd istehsalçıları yeni mutasiyalarla mübarizə aparmaq üçün maraqlı addım atdılar. “Beta” versiyası yarananda “Moderna” şirkəti məhz həmin ştama qarşı təsir göstərən peyvənd istehsal etməyə başladı. Lakin məlum oldu ki, standart peyvəndlər həmin mutasiya ilə mübarizəyə kömək edir. Buna görə də “beta” versiyasına qarşı olan peyvənd bazara buraxılmadı. İndi də “omikron”a qarşı peyvənd istehsal olunmaq ərəfəsindədir. RNT texnikası çox mükəmməldir və ondan istifadə edib hər ştama qarşı asanlıqla peyvənd hazırlamaq mümkündür. “Moderna” şirkəti yeni ştama qarşı da peyvənd hazırlayır və onun sınaqdan uğurla çıxması peyvəndin “Moderna 2” versiyasının yaranması deməkdir".

“Omikron” yeni ştam olduğundan hələlik onun barəsində tam dolğun məlumat yoxdur. Lakin bəzi tədqiqatlar onu deməyə əsas verir ki, digər mutasiyalarla müqayisədə daha yoluxdurucudur. Bu, ən qorxulu və təhlükəli siqnaldır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclas çağıraraq yeni ştamla əlaqədar xəbərdarlıq edib. Hələlik yeni ştama yoluxma sayı o qədər də çox olmadığından xəstəliyin kliniki əlamətlərində ciddi fərq görünmür. Yoluxanları qruplaşdırmadan, xəstələrin üzərində tədqiqat aparmadan kliniki əlamətləri müəyyənləşdirmək tezdir. Əhali arasında həyəcan və təşviş hissi yaratmaqdansa, peyvəndlənmənin daha sürətlə aparılmasına çağırmaq daha düzgündür. Qabaqcıl dünya ölkələrinin peyvəndləri kasıb ölkələrə də paylaşaraq hamı üçün əlçatan etməsi qeyri-adi ştamların ortaya çıxmasının da qarşısını alar”, - deyə Ü.Səlimzadə bildirib.

Həkim yeni mutasiyalardan qorunmaq və epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün vətəndaşları iki dozadan 6 ay sonra “buster” dozanı vurdurmağı məsləhət görüb. Yanaşı xəstəliyi olanları və yaşlıları isə həmin məsələyə qarşı xüsusilə həssas və diqqətli olmağa çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.