REGİONLAR
Yeni subartezian quyuları vasitəsilə Bərdədə 500 hektardan çox əkin sahəsi suvarılacaq
Bərdə, 27 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətində tədbirlər davam etdirilir.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Prezident İlham Əliyevin 2018-ci il martın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə Bərdə rayonunda 18 quyunun qazılması nəzərdə tutulub. Artıq Xanərəb, Kətəlparaq, Şahvəlilər, Qaradəmirçi, Əliyanlı, Böyük Qacar, Qurdlar, İkinci Nazırlı, Qazaxlar, Şərəfli, Qaradağlı kəndlərinin hər birində 1 ədəd, Piyadalar, Soğanverdilər və Əmirli kəndlərinin hər birində 2 ədəd olmaqla, 17 subartezian quyusu qazılıb. Kələntərli kəndində 1 ədəd subartezian quyusunun qazılması üçün hazırlıq işləri aparılır.
Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 500 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.