REGİONLAR
Yeni subsidiya qaydaları və EKTİS-də qeydiyyatla bağlı təlimçi qrupları formalaşdırılır
Bakı, 3 oktyabr, AZƏRTAC
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatla bağlı təlimçi qrupların formalaşdırılması prosesi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov və Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlik əməkdaşları və ADAU rektoru İbrahim Cəfərovla birlikdə yeni təlimçi qruplar ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydalarının kənd təsərrüfatı istehsalçılarına izahı, bütövlükdə təlimlərin təşkilinin metodikası barədə ətraflı məlumat verilib, təlimçilərin nümunəvi təqdimatları dinlənilib, suallar cavablandırılıb, habelə rayonlar üzrə təlimlərin qrafiki müzakirə olunaraq təsdiq edilib.
Qeyd edək ki, yeni təlimçi qrupları ADAU, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, həmçinin Gəncə və Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin əməkdaşlarından ibarət olub.