ELM VƏ TƏHSİL
Yeni tədris ili Dövlət Pedaqoji Universiteti üçün uğurlu göstəricilərlə başlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Yeni tədris ili Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) üçün uğurlu göstəricilərlə başlanıb.
Bu barədə sentyabrın 15-də ADPU-da “Bilik günü”nə həsr edilmiş tədbirdə məlumat verilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, builki tədris ilində ali təhsilin bakalavriat səviyyəsində ADPU-nun Azərbaycan bölməsinə 2090 nəfər, rus bölməsinə isə 230 nəfər olmaqla bütövlükdə 2.320 tələbənin qəbul edilməsi nəzərdə tutulmuşdu. Universitetə 1.258 nəfər dövlət sifarişi əsasında, 896 nəfər isə ödənişli əsaslarla qəbul olunub. ADPU-nun beş filialına müxtəlif ixtisaslar üzrə ümumilikdə 675 nəfər qəbul edilib. Ali təhsilin magistratura səviyyəsində ADPU-ya 18 ixtisas və 19 ixtisaslaşma üzrə 403 tələbə qəbul olunub. Onlardan 164-ü dövlət sifarişi əsasında, 239-u isə ödənişli əsaslarla təhsil alacaq.
Qeyd olunub ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbulolma göstəricisi 97,18 faiz, magistratura səviyyəsində qəbulolma göstəricisi isə 92,42 faiz təşkil edib.
Ölkəmizdə pedaqoji kadr hazırlığında baza ali məktəb hesab edilən ADPU-nun 95 illik fəaliyyətindən danışan rektor universitetin təhsilin inkişafına mühüm töhfələr verdiyini bildirib.
ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov universitetə qəbul olunan gənclərə müqəddəs və şərəfli müəllim adını doğrultmağı tövsiyə edib, uğurlar arzulayıb.
Universitetə yüksək balla qəbul olunanlara tələbə biletləri təqdim edilib.
Qeyd edək ki, rektor Cəfər Cəfərov sentyabrın 15-də həm də ADPU-nun 2, 3, 4 nömrəli tədris korpuslarında Bilik günü münasibətilə keçirilən tədbirlərdə tələbələri təbrik edib, uğurlar arzulayıb.