ELM VƏ TƏHSİL
Yeni tədris ili üçün UFAZ-a 160 yer üzrə tələbə qəbulu elan olunub
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universiteti (UFAZ) ilə bağlı “Açıq qapı” günü keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katibi Şarlotta Payen, Strasburq Universitetinin prorektoru və UFAZ-ın fizika üzrə baş məsləhətçısı Filip Turok, UFAZ-ın Strasburq Universiteti üzrə əlaqələndiricisi Ekard Udzel, abituriyentlər və valideynlər iştirak ediblər.
Əvvəlcə UFAZ haqqında film nümayiş olunub. Daha sonra V.Əsgərov UFAZ-a sənəd qəbulu və imtahan prosedurlarını izah edib.
Ş.Payen yeni tədris ili üçün 160 yer üzrə tələbə qəbulu elan olunduğunu deyib. O, birinci Fransa –Azərbaycan iş və karyera sərgisi, UFAZ yay məktəbi və bütün bunların azərbaycanlı gənclər üçün yaratdığı imkanlardan danışıb, bu ali məktəbdə tədris prosesi, ixtisaslar, tələbə həyatı, keçilən fənlər və əcnəbi müəllimlər haqqında ətraflı məlumat verib.
UFAZ-a göstərilən maraq və Avropa standartlarına uyğun təhsildən danışan professor M.Babanlı burada təhsil almaq istəyən abituriyentlərə, onların valideynlərinə universitet və təhsil qaydaları barədə geniş məlumat verib.
Sonda suallar cavablandırılıb.