ELM VƏ TƏHSİL


Yeni tədris ilində Bakı məktəblərində 442.147 şagird təhsil alacaq

Bakı, 6 sentyabr, AZƏRTAC

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ümumilikdə, 442.147 şagird təhsil alacaq.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil məktəblərinin birinci sinfində 47 mindən çox, IX sinfində 30.139, X sinfində 21.102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq.

Bakıdakı 263 ümumtəhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 17.500-dən çox ərizənin online qeydiyyatı (sentyabrın 6-sı saat 11:00-a olan məlumata əsasən) aparılıb. 2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.

Avqustun 6-na (saat 11:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 46.420 sorğu yerləşdirilib. Onlardan 43.827-si ümumtəhsil məktəblərini, 2.593-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır.

2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan iki məktəb binasının və ehtiyac olan ərazilərdə iki yeni məktəbin (ümumilikdə dörd məktəb) inşası başa çatıb. Eləcə də bir məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikilməsi həyata keçirilib. Həmçinin, bir məktəb üçün 1.416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, tədris alanların təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Təhsil nazirinin əmrinə əsasən, ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumtəhsil məktəbi, üç xüsusi tipli ümumi orta məktəb və yeddi əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.