ELM VƏ TƏHSİL


Yeni tədris ilində təhsil robotlarının tətbiqinə başlanılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsinin təmin olunması məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hazırda bu qurumun sifarişinə əsasən, beş ümumtəhsil müəssisəsi “Lego Education Mindstorms EV3” təhsil robotları ilə təmin olunub və 15 ümumtəhsil müəssisəsinə də avadanlığın paylanılmasına başlanılıb.

Ümumtəhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq “Lego Education” təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıq üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edir, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələnirlər.

Təmin olunan robot dəstləri robotun “beyni” hesab edilən və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün məktəblərə “Expansion” dəsti də paylanılır.

Cari ildən etibarən fizika və informatika dərslərində istifadə olunacaq avadanlıq dəstlərinin paylanılması nəzərdə tutulub. Bununla yanaşı, yeni dərs ilindən etibarən 12 məktəb ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş “Lego Education WeDo 2.0” robot dəstləri də əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.