ELM VƏ TƏHSİL
Yeni tədris ilinin başlanması Bakı Xoreoqrafiya Akademiyasında təntənəli şəkildə qeyd olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bakı Xoreoqrafiya Akademiyasında Bilik günü və yeni tədris ilinin başlanması ilə əlaqədar müəllim və tələbə heyətinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, akademiyanın rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara həm təhsildə, həm də yaradıcılıqda uğur və müvəffəqiyyətlər arzulayıb.
Bu gün ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində təhsil ocağının yeni inkişaf mərhələsinə qədəm qoduğunu vurğulayan rektor bunun üçün akademiyada zəruri şəraitin yaradıldığını, yüksək səviyyəli professor-müəllim heyətinin, o cümlədən 20-dən çox elmlər doktoru, professor, xalq və əməkdar artistin, görkəmli sənət adamlarının tədris prosesinə cəlb olunduğunu və tədrisin beynəlxalq standartlara uyğun qurulduğunu qeyd edib: “Onlarla xarici mütəxəssis akademiyada ustad dərsləri keçib, tarixdə ilk dəfə klassik və milli rəqs üzrə müsabiqə keçirilib, akademiyanın rəsmi nəşri “Sənət Akademiyası” jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilib. Təhsilin bütün pillələrini özündə ehtiva edən akademiyada şagird və tələbələrin təhsil, elm və yaradıcılıq işləri üçün bütün zəruri şərait yaradılıb. 2017-2018-ci tədris ilində akademiyada xoreoqrafiya sənəti, instrumental ifaçılıq, sənətşünaslıq, teatrşünaslıq və prodüserlik ixtisasları ilə yanaşı, yeni açılmış rəqs müəllimliyi, musiqi müəllimliyi, xalq çalğı alətləri ifaçılığı və musiqişünaslıq ixtisasları üzrə kadr hazırlığı aparılacaq”.
Rektor vurğulayıb ki, 90 illik təcrübəsi olan Bakı Xoreoqrafiya Akademiyası bundan sonra da qarşısına qoyulan məqsədlərə nail olacaq, Azərbaycanda xoreoqrafiya və onunla əlaqəli digər sənət sahələri üzrə müxtəlif təhsil pillələrində professional və yüksəkixtisaslı kadrlar hazırlayacaq. Bunun üçün həm yerli kadr imkanından, həm də beynəlxalq təcrübəli xarici kadrlardan istifadə olunması nəzərdə tutulur. Əlamətdar haldır ki, akademiyada əcnəbi tələbələrin təhsil alması bu təhsil ocağına xarici ölkələrdən də maraq artdığının bariz nümunəsidir.
Daha sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək son iki il ərzində xoreoqrafiya sahəsində əldə edilmiş uğurlardan danışıb. Bildirib ki, çox az müddət ərzində uğur və nailiyyətləri ilə akademiya respublikanın aparıcı ali təhsil müəssisələri sırasına daxil olub. Bakı Xoreoqrafiya Akademiyasında tədris prosesinə təkcə milli kadrların deyil, xaricdən dəvət olunan mütəxəssislərin də cəlb edilməsinin sevindirici hal olduğunu qeyd edən nazir müavini bundan sonra da nazirliyin bu təhsil ocağının inkişafı üçün əlindən gələni edəcəyini bildirib.
Tədbirin sonunda tələbə adını qazanmış gənclərə vəsiqə və müvəffəqiyyət kitabçaları təqdim edilib.