CƏMİYYƏT


Yeni tədris ilinin başlanması ilə əlaqədar “YAŞAT” Fondu tərəfindən 67 şəhid övladına dəstək göstərilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlanması ilə əlaqədar “YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə 67 şəhid övladına dəstək göstərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, 7 özəl təhsil müəssisəsi ilə yaradılan əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə edən 37 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alacaq. Eyni zamanda, 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. Bununla yanaşı, özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaq.

“YAŞAT” Fondu tərəfindən reallaşdırılan xüsusi layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 800-dən çox hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb.

Bundan başqa təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə bu günədək ali təhsil müəssisələrində təhsil alan 18 şəxsin təhsil haqqı Fond tərəfindən, 19 şəxsin təhsil haqqı isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

Xatırladaq ki, 2021-2022-ci dərs ilində Bakı şəhəri və digər regionlar üzrə 83-ü oğlan, 77-i isə qız olmaqla, ümumilikdə 160 şəhid övladı birinci sinfə qədəm qoyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.