İQTİSADİYYAT
Yeni telefon rabitəsi tariflərinin tətbiqinə başlanılmışdır VİDEO
Bakı, 9 yanvar (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə xidmətləri ilə bağlı yeni tariflərin tətbiqi haqqında əmr imzalanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əmrdə müəyyən edilən yeni tariflərin düzgün tətbiq olunmasının, yeni tariflərə dair məlumatların abunə və poçt şöbələrində, danışıq məntəqələrində asılmasının təmin olunması, daha çox abunəçilərin cəlb edilməsi məqsədilə reklam və digər zəruri tədbirlərin həyata keçirilməsi, yeni tariflərin tətbiqi ilə əlaqədar telekommunikasiya (telefon) qovşaqlarında və idarələrində seminar-müşavirələrin keçirilməsi və tariflərin tətbiqinin nəticələrinin təhlil edilməsi aidiyyəti üzrə rabitə birlik və müəssisələrinə və nazirliyin aidiyyəti şöbələrinə həvalə edilmişdir.
Tarif (Qiymət) Şurasının qərarı ilə 2014-cü il yanvarın 1-dən rabitə xidmətləri, beynəlxalq və şəhərlərarası zənglər və faks aparatından istifadəyə görə qiymətlər aşağı salınmışdır.
Yeni tarif dəyişikliyinə əsasən, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmışdır. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilmişdir. Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılmışdır.