CƏMİYYƏT
Yeni test yarımçıq doğulmuş uşaqları aşkara çıxarmağa kömək edəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
İnkişaf etməkdə olan ölkələrdə əksər hamilə qadınların ultrasəs və digər müayinələrdən keçmək imkanı yoxdur. Buna görə də həkimlər çox vaxt uşaqların neçə aylığında doğulduğunu bilmirlər. Ottava Universiteti və Şərqi Ontario uşaq xəstəxanasının (Kanada) alimləri bunu aydınlaşdırmağın yolunu tapıblar.
AZƏRTAC “UPI.com” saytına istinadla xəbər verir ki, mütəxəssislər uşaqların qanındakı metabolik biomarkerlərin səviyyəsini qiymətləndirməyi təklif edirlər. Bu məqsədlə skrininqdən keçən 249.700 yeni doğulmuş körpənin məlumatları təhlil olunub. Tədqiqatçılar qandakı metabolitlərin səviyyəsi və digər parametrlər, o cümlədən doğum zamanı çəki və cinsi mənsubiyyət əsasında uşaqların üçdə iki hissəsinin hansı müddətdə doğulduğunu müəyyən edə biliblər.
Tədqiqatları davam etdirməyi planlaşdıran alimlər Banqladeş, Zambiya, Çin və Filippindən olan uşaqlara dair məlumatları araşdırmağa hazırlaşırlar. Onlar qeyd edirlər ki, vaxtından qabaq doğuş uşaqların sağlamlığı ilə bağlı problemlərdən irəli gəlir. Buna görə də uşağın nə vaxt dünyaya gəldiyini bilmək çox vacibdir.