CƏMİYYƏT


Yeni təyin olunmuş hakimlərlə Hakim Assosiasiyaları İttifaqında görüş keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə ilk dəfə hakim vəzifəsinə təyin olunmuş məhkəmə aparatı işçiləri ilə Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Assosiasiyanın sədri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov onları bu şərəfli vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Hakim vəzifəsinə yeni təyinatların xalqımızın Vətən müharibəsində qazandığı şanlı Qələbəsindən sonraya təsadüf etdiyi bildirilərək, bunun ikiqat sevinc hissi yaşatdığı vurğulanıb. Otuz il ərzində işğal altında olan torpaqlarımız bu möhtəşəm Qələbə sayəsində azad edilib, Ermənistanın faktiki kapitulyasiyasına nail olunub, üç rayonumuz qan tökülmədən, bir güllə belə atılmadan qaytarılıb.

Qələbədən sonra keçirilən Zəfər paradı Azərbaycan dövlətinin və ordumuzun gücünün, xalqımızın Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin, Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığının təzahürü olub.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Laçın rayonlarına, Şuşa şəhərinə səfərləri, böyük Qələbəni xalqla birlikdə qeyd etmələrinin hər kəsdə sonsuz qürur hissi doğurduğu bildirilib.

Görüşdə qeyd olunub ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları dövlətimizin başçısının rəhbərliyi ilə uğurla reallaşdırılaraq, məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli proqram xarakterli Fərmanı ilə bu sahədə islahatlar keyfiyyətcə yeni mərhələyə keçib. Bu mühüm sənəd məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” rolunu oynayıb. Həmin Fərmanla ötən il hakimlərin ştat sayının mövcud korpusun üçdə biri qədər - 200 vahid artırılması məhkəmə sisteminin inkişafında mühüm hadisə olub. Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb.

Bildirilib ki, Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalarla keçirilmiş müsabiqə nəticəsində 44 nəfər bütün imtahanlarda müvəffəqiyyət qazanıb, hakim vəzifəsinə hazırlanmaları üçün uzunmüddətli tədris kursunu uğurla başa vurub və Azərbaycan Prezidentinin Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Yeni təyin olunmuş hakimlərin böyük əksəriyyətinin - 70 faizini 35 yaşadək olan hüquqşünasların təşkil etməsi, həmçinin onların sırasında xaricdə təhsil almış gənclərin də olması xüsusi qeyd edilib. Vurğulanıb ki, seçilmiş bütün şəxslərin yarısının məhkəmə orqanlarının işçiləri olması məhkəmə əməkdaşlarının hakim peşəsinə böyük həvəs göstərdiyini nümayiş etdirir.

Görüşdə yeni təyin olunmuş hakimlərə gələcək fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq və ədalət mühakiməsinin digər prinsiplərinə, habelə hakim etikasına dönmədən riayət etmələri tövsiyə olunub, korrupsiyaya şərait yaradan, insanların haqlı narazılığını doğuran hallara qarşı qəti və barışmaz münasibət nəzərə çatdırılıb.

Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə ən sərt tədbirlərin görüldüyü qeyd edilib.

Tədbirdə Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının fəaliyyəti barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.

Çıxış edən gənc hakimlər onlar üçün yaradılmış şəraitə və göstərilən yüksək etimada görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.