İQTİSADİYYAT
Yeni vergi bəyannamə formalarının tətbiqi 2018-ci il yanvarın 1-dən başlayan hesabata aiddir
Bakı, 14 iyun, AZƏRTAC
Vergi bəyannamələrində edilən dəyişikliklərlə bağlı yeni vergi bəyannamə formalarının tətbiqi 2018-ci il yanvarın 1-dən başlayan hesabat dövrlərinə aiddir.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunu nazirliyin Vergi risklərinin təhlili və nəzarət departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev deyib.
O, bildirib ki, vergi orqanı bir sıra məqamları nəzərə alaraq vergiödəyicilərinə qarşıdakı müddətdə tərtib etdikləri bəyannamələrdəki uyğunsuzluqları aradan qaldırmaq, yenidən tərtib etmək imkanları verib. “Hazırda iyun ayıdır və ƏDV ödəyicilərinin əksəriyyəti artıq 2018-ci ilin ötən 5 ayı üzrə bəyannamələri təqdim ediblər. Bu baxımdan, hansısa rəqəmlərdə anlaşılmazlıq, uyğunsuzluq varsa, onların aradan qaldırılmasında, yenidən düzgün tərtib olunmasında vergi orqanları ödəyicilərə istənilən köməyi göstərməyə hazırdır”.
Qeyd olunub ki, yeni bəyannamə formaları ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Bəyannamələr” bölməsində tanış olmaq mümkündür.
Vergilər Nazirliyi bəyannamə formalarına edilmiş dəyişikliklər barədə ödəyiciləri məlumatlandırmaq, izahedici xarakterli informasiya vermək üçün mütəmadi olaraq müvafiq işlər görəcək.