DÜNYA
Yenidən Tacikistan Prezidenti seçilən Emoməli Rəhmonun andiçmə mərasimi keçirilib
Düşənbə, 30 oktyabr, AZƏRTAC
Düşənbədəki “Koxi Somon” iqamətgahında yenidən Tacikistan Prezidenti seçilən Emoməli Rəhmonun andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Tacikistan Seçki Komissiyasının rəhbəri Baxtiyar Xodoyerzoda Emoməli Rəhmona Prezident vəsiqəsini, Konstitusiya Məhkəməsinin sədri Abdulxafiz Aşurzoda isə Tacikistan Prezidentinin nişanını təqdim edib.
Sonra Emoməli Rəhmon təntənəli surətdə Vətənə və xalqa sədaqət andı içib.
Xatırladaq ki, Tacikistanda Prezident seçkiləri oktyabrın 11-də keçirilib və Prezident kürsüsü uğrunda 5 namizəd mübarizə aparıb. Emoməli Rəhmon seçicilərin 90 faizdən çoxunun səsini qazanıb.
Emoməli Rəhmon bundan əvvəl 1994, 1999, 2006 və 2013-cü illərdə də səs çoxluğu ilə Prezident seçilib.
1992-ci ildə Tacikistan Ali Sovetinin sədri seçilən Emoməli Rəhmon faktiki olaraq həmin ildən ölkəyə rəhbərlik edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə