DÜNYA
Yenin yüksək məzənnəsi yapon şirkətlərinin gəlirini azaldıb
Tokio, 6 dekabr, AZƏRTAC
Yaponiya hökuməti cari maliyyə ilində vergilərdən daxilolmaların planlaşdırıldığından az olacağı ilə əlaqədar tədbirlər görməyə hazırlaşır. Hökumətdən bildiriblər ki, milli valyuta olan yenin məzənnəsinin yüksək olması korporativ vergilərin azalmasına səbəb olub.
Rəsmi nümayəndələr 2016-cı maliyyə ilində korporasiyaların yüksək mənfəət əldə edəcəyini proqnozlaşdırırdılar. Onların hesablamalarına görə, vergilərdən daxilolmalar təqribən 510 milyard dollara çatmalı idi.
Hazırda həmin məbləğin təqribən 9 milyard dollar azalacağı barədə fikirlər söylənilir. Bu, 2009-cu maliyyə ilindəki qlobal maliyyə böhranından sonra ilk belə azalmadır.
Rəsmi nümayəndələr həmin kəsirin qarşısını almaq üçün dekabrın sonunadək əlavə büdcənin hazırlanmasını planlaşdırırlar. Buraya yaranmış defisitin bağlanması üçün daha çox istiqraz vərəqələrinin buraxılması barədə təklif də daxil edilə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio