İDMAN
Yeniyetmə güləşçilərin respublika seçim turnirinin final mərhələsinə yekun vurulub VİDEO
Oktyabrın 29-da Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə respublika seçim turnirinin final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində 88 yeniyetmə yunan-Roma güləşçisi mübarizə aparıb.
Yarışda Kamran Mirzəliyev (58 kq), Ceyhun Nəsirov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Rauf Məmmədli (100 kq) qızıl medal qazanıblar.
İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunub. Qalib və mükafatçılar yığma komandanın heyətinə cəlb edilib və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıb.