İDMAN


Yeniyetmə sərbəst güləşçilərimiz Avropa çempionatında 4 medal qazanıblar

Bakı, 16 iyun, AZƏRTAC

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan sərbəst güləşçimiz Yusif İsparov (45 kq) erməni idmançıya uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə üçüncü yeri tutmaq şansı verib. Gürcüstan güləşçisinə qalib gələn Y.İsparov bürünc medalı boynundan asıb.

Millimizin üzvü Cavid Cavadov (51 kq) ilk mərhələdə moldovalı rəqibindən güclü olub. C.Cavadov dörddəbir finalda Ukrayna idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Ermənistan güləşçisi üzərində böyük hesablı qələbəyə sevinən Gəncə güləş məktəbinin yetirməsi adını finala yazdırıb. Ancaq zədələndiyi üçün finalda Rusiya təmsilçisi ilə güləşməyib və gümüş medalla kifayətlənib.

Abdulrəhman İbrahimov (60 kq) debütdə ukraynalı güləşçi üzərində inamlı qələbəyə sevinib. Həmyerlimiz daha sonra türkiyəli pəhləvanı üstələyib. A.İbrahimov Polşa təmsilçisinə də aman verməyərək yarımfinala yüksəlib. Gürcüstan idmançısını "tuşe" ilə yolundan kənarlaşdıran təmsilçimiz finala vəsiqə qazanıb. Rusiyalı güləşçi ilə həlledici görüşdə minimal fərqlə məğlub olan A.İbrahimov Avropa ikincisi olub.

Daha əvvəl digər güləşçimiz Musa Verdiyev (48 kq) qitə birinciliyinin gümüş medalını qazanıb.

Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 3 gümüş və 1 bürünc medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.