ELM VƏ TƏHSİL
Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması üzrə təlimlər mayın 21-dək davam edəcək
Bakı, 17 may, AZƏRTAC
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinə təlimçi bacarıqlarının aşılanması üçün “Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda təlim keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yardım”, “Fəlakət riskinin azaldılması – iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”, “Yaşam şərtləri - peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq” kimi mövzular daxil edilib.
Bakı şəhəri üzrə məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlimlər başa çatdıqdan sonra müəllimlərin Bərdə, Mingəçevir, Masallı, Quba, Qazax, İsmayıllı, Şirvan, Qax şəhərlərinə ezamiyyətləri təşkil ediləcək. Bu zaman hazırlanmış proqram üzrə 1500-dək VI və IX sinif şagirdinin maarifləndirilməsi həyata keçiriləcək.
Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və UNICEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında həssas uşaqların və icmaların fəlakət riskinə davamlılığının artırılması” layihəsi üzrə Fəaliyyət Planının müvafiq bəndi çərçivəsində keçirilən təlimlər mayın 21-dək davam edəcək.