REGİONLAR
Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi diqqət mərkəzində saxlanılır
Bərdə, 11 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi diqqət mərkəzindədir. Rayon mədəniyyət və turizm şöbəsi tərəfindən gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Kələntərli kənd mədəniyyət evində “Qalx ayağa Azərbaycan” adlı ədəbi-bədii kompozisiya təşkil edilib. Kənd sakinlərinin, yeniyetmə və gənclərin, ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər mərd oğul və qızlarımızın Vətənin azadlığını canlarından üstün tutmasından, xalqımızın azadlıq mübarizəsindən, Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən, ordumuzun cəbhə xəttində erməni silahlılarının təxribatlarına verdiyi layiqli cavabdan danışıb, yeniyetmə və gənclərin doğma yurda bağlılıq hisslərinin yüksəldilməsində, hərbi vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir Kələntərli kənd mədəniyyət evinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.