CƏMİYYƏT
Yeniyetmə və gənclərlə məişət zorakılığı və narkomaniya barədə söhbət aparılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Nizami rayonundakı 238 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Məişət zorakılığı və narkomaniya” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir rayon Polis İdarəsi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdirinin müavini Bəhman Hüseynov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, rayon Polis İdarəsində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru Pərvanə Əzizova, rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Firdovsi Bayramov və 238 nömrəli tam orta məktəbin direktor müavini Səadət Rzayeva çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial inkişafa mənfi təsir göstərən, həyat və sağlamlığa ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından biri sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildiriblər.
Qeyd olunub ki, narkomanlığa və digər zərərli vərdişlərə düçar olanların ailələrində məişət zorakılığı hallarına daha çox rast gəlinir. Sağlam həyat tərzinin “düşmənləri” sayılan həmin neqativ hallar münaqişəli ailələrin əsasını təşkil edir və nəticədə cəmiyyətimiz üçün ciddi problemlər yaradır. Ona görə də yeniyetmə və gəncləri zərərli vərdişlərə aludə olmaqdan çəkindirmək, onları sağlam ruhda tərbiyə etmək üçün hər kəs əlindən gələni əsirgəməməlidir.
Tədbirdə məişət zorakılığı və narkomaniya barəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, izahatlar verilib.
Tədbirin sonunda narkomaniya və onun fəsadları, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən videoçarx nümayiş olunub.