İDMAN
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib
Bakı, 6 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 6-da Argentinanın paytaxtı Buenos-Ayresdə start götürəcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, olimpiadanın açılış mərasimində Azərbaycan Respublikasının dövlət bayrağını boksçu Nurlan Səfərov daşıyacaq.
Qeyd edək ki, olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edəcək. Oyunlarda Kosovo və Cənubi Sudan ilk dəfə çıxış edəcəklər. Olimpiadanın Bakı vaxtı ilə gecə saat 1-də başlayacaq açılış mərasimində əvvəlki illərdən fərqli olaraq atletlərin paradı keçirilməyəcək.
Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. İdmançılarımız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.
“Buenos-Ayres 2018”ə idmançılarla yanaşı, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər yola düşüblər.
Ölkəmiz 2010-cu ildən bəri Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edir.
Oyunların cədvəlinə rəsmi olaraq dörd idman növü əlavə edilib. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmə idman növləridir. “Buenos-Ayres 2018”də iştirak edəcək idmançılar 15-18 yaş kateqoriyasına daxildir və bu Oyunlar gender bərabərliyinin qorunması ilə fərqlənir.
Yeniyetmələrin III Olimpiya Oyunlarının keçirilməsi əsasən dörd ərazi üzrə planlaşdırılıb. Bunlar Urban, Yaşıl, Teknopolis və Olimpiya parklarıdır. Yeniyetmələrin Olimpiya Oyunlarına daxil olan idman və yaşayış qurğularının ümumi sayı 16-dır.