İDMAN
Yeniyetmələrin II Yay Olimpiya Oyunları Azərbaycanda idmanın kütləviliyini nümayiş etdirdi
Azərbaycan 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə və medal qazanan 86 ölkə arasında 10-cu yeri tutub. Azərbaycan Avropa ölkələri arasında 6-cı, MDB-də 3-cü, müsəlman dünyasında 1-ci oldu.
Nancinq-2014-ün nəticələrini təhlil edərkən daha maraqlı bir məqam ortaya çıxır. İlk onluqdakı Çin, Rusiya, ABŞ, Fransa, Ukrayna, İtaliya, Yaponiya, Macarıstan, Braziliya və Azərbaycan idmançılarının qazandıqları medalları ölkələrin əhalisinin sayına nisbətinə hesabladıqda idmanın Azərbaycanda daha populyar olduğu təsdiqlənir.
Ümumilikdə 65 medalla birinci olan Çində əhalinin təxminən hər 20 milyon, Rusiyada 2,5 milyon, ABŞ 14 milyon, Fransada 3,3 milyon, Ukraynada 1,9 milyon, İtaliyada 2,9 milyon, Yaponiyada 6,3 milyon, Braziliyada isə hər 15 milyon nəfərinə biri medal düşür. Azərbaycanda isə bu göstərici 790 min nəfərə bir medaldır. Ölkəmiz bu göstəriciyə görə ilk onluqdakı ölkələrdən yalnız Macarıstandan geri qalır.
Beləliklə, demək olar ki, Azərbaycanda idman Çin, Rusiya, ABŞ, Fransa və inkişaf etmiş digər ölkələrdən daha da populyardır. Bütün bunlar isə ölkəmizdə idmana olan dövlət qayğısının, dövlət siyasətinin nəticəsində yaranıb. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş siyasət, ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanda idmanın kütləviliyini təmin edib, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin