ELM VƏ TƏHSİL
Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib
Bakı, 24 yanvar, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinə daxil olan institutların rəhbərləri, universitet müəllimləri, GGİ-nin əməkdaşları iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə GGİ-nin direktoru, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər barədə məlumat verib. O, seminarın “Yerin və onun struktur elementlərinin tektonik təkamülünün qeyri-xətti geomexanikasının elmi əsasları” mövzusuna həsr olunduğunu bildirib.
Məruzəçi alimlər – akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü Surxay Əkbərov Yer kürəsinin məxsusi rəqslərinin hesablanması üçün uyğun nəzəri modellərin hazırlanması və onların riyazi qoyuluşunun həllində əldə edilən nəticələrin izahını veriblər. Bildirilib ki, araşdırmaların nəticələri neft və qaz yataqlarının kəşfinə, istismara verilməsinə yönəlib. Alınmış nəticələr müxtəlif nüfuzlu jurnallarda dərc olunub.
Sonra məruzə ətrafında çıxışlar olub, çoxsaylı suallar cavablandırılıb.