CƏMİYYƏT


Yer kürəsi sakinlərinin sağlamlığı və rifahı çox cəhətdən meşələrin vəziyyətindən asılıdır

Bakı, 10 may, AZƏRTAC

Hər il şumluq torpaqların genişlənməsi və insanın digər fəaliyyəti nəticəsində milyonlarla hektar meşə və süni meşə sahələri yer üzündən silinir. 1990-cı ildən bəri təqribən 420 milyon hektar meşə məhv olub. Yer kürəsinin meşəsizləşməsi bəşəriyyətə çox baha başa gəlir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında işə başlayan meşə forumunun leytmotivini bu fikirlər təşkil edir.

Forumun açılışında çıxış edən BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid bildirib ki, meşələr bir çox vacib funksiyanı yerinə yetirir: karbon qazını udur və özündə saxlayır, qida və yaşayışı təmin edir. Meşələr hava şəraitinə təsir göstərərək ekosistemin mühafizəsinə kömək edir. Abdulla Şahid xatırladıb ki, meşələr ekstremal istini azaldır və bununla da sözün həqiqi mənasında insanların həyatını xilas edir.

Digər tərəfdən, planetin bütün yerüstü biomüxtəlifliyinin əsas hissəsi meşələrin payına düşür. Ağaclar qoruyucu funksiyaları yerinə yetirir: onlar torpaqların eroziyasının və itkisinin qarşısını alır, iqlim dəyişməsi fəsadlarını yüngülləşdirir. Meşələr insanları yanacaq və ərzaqla təmin edir. Bir çoxları üçün onlar mühüm gəlir mənbəyidir.

Abdulla Şahid daha sonra deyib: “Bununla belə, meşələr getdikcə daha çox müxtəlif cür təhlükələrə məruz qalır. Meşələrin amansızlıqla qırılması, torpaqların irimiqyaslı deqradasiyası, dayanıqsız istehlak və istehsal metodları, eləcə də davam edən iqlim böhranı – bütün bunlar meşələrimizin həyat qabiliyyətinə təhlükə törədir”.

O xatırladıb ki, Yer kürəsi sakinlərinin səhhəti bizim planetimizin sağlamlığı ilə birbaşa bağlıdır və meşələr bu baxımdan fundamental rol oynayır.

BMT Baş Assambleyasının sədri beynəlxalq birliyin meşələrin müdafiəsinə yönəlmiş səylərini alqışlayaraq, Qlazqoda keçirilən iqlim sammitində qəbul edilən tarixi Bəyannaməni xüsusilə xatırladıb. Bu Bəyannaməyə müvafiq olaraq, payına dünyadakı meşələrin 90 faizi düşən 141 ölkə 2030-cu ilədək meşələrin qırılmasını aradan qaldırmağı, həmçinin meşələrin məhvi və torpaqların deqradasiyası prosesini dayandırmağı öhdəyə götürüblər.

Hər il istixana qazları emissiyasının 18 faizi inkişaf etməkdə olan ölkələrdə meşəsizləşmənin və meşələrin deqradasiyasının nəticəsidir. Bu, dünya üzrə bütün nəqliyyat sektorunun tullantılarının cəmindən çoxdur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyanın bütün meşələrinin yarıdan çoxu beş ölkənin - Rusiya Federasiyası, Braziliya, Kanada, ABŞ və Çinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.