DÜNYA
Yerevanda hələ də istefa şüarları səslənir
Bakı, 12 avqust, AZƏRTAC
Ermənistanda ictimai-siyasi vəziyyət hələ də gərgin olaraq qalır. Yerevanın mərkəzində istefa şüarları səslənir. Post-patrul alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqləri davam edir. Yerevan məhkəməsinin qarşısında toplaşan etirazçılar və həbs olunanların ailə üzvləri üsyançıların sərbəst buraxılmasını tələb edirlər.
“Təsis parlamenti”nin bir qrup üzvü isə mərkəzi meydana toplaşıb. Onlar prezident başda olmaqla hökuməti istefaya səsləyiblər. İctimai fəal Alek Eniqomşyan “Təsis parlamenti”nin rəhbəri, hazırda isə həbsdə olan Jirayr Səfilayanla görüşdüklərini bildirib. O qeyd edib ki, Jiray Selfiyan Serj Sarkisyanın istefasını tələb edir. Əks təqdirdə ölkədə yenidən silahlı üsyana başlayacaqlar. Bu açıqlamadan sonra Yerevan polisi gücləndirilmiş iş rejiminə keçib. Şəhərə giriş-çıxışlarda postlar qurulub. Polis isə hər hansı insident baş verəcəyi təqdirdə qarşısının zor gücünə alınacağını bildirib.
Paytaxtda davam edən aksiyalara son günlər regionlardan da dəstək gəlməyə başlayıb. Bir neçə rayon mərkəzində insanlar küçə və meydanlara çıxaraq hakimiyyətə qarşı etiraz səslərini ucaldıblar. Ekspertlərin fikrincə, qiyamçı qüvvələrə dəstək həm də sosial vəziyyətin ağırlığından qaynaqlanır. İstənilən növ etiraz forması sadə vətəndaşların ürəyindən xəbər verir, çünki Ermənistanda gündən-günə ağırlaşan iqtisadi vəziyyət heç kimdə gələcəyə inam qoymayıb. Əhali yeganə çıxış yolunu tezliklə mövcud hakimiyyətlə vidalaşmaqda görür.