Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanını “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 475-VQD nömrəli Qanununa və həmin Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 1191 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 580; 2006, № 7, maddə 590; 2008, № 6, maddə 500, № 8, maddə 719, № 9, maddə 798; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”nin 3.3-cü bəndinin dördüncü abzasından “radioaktiv tullantıların,” sözləri çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş “Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2.2. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin