CƏMİYYƏT
“Yerli Gənc” proqramı çərçivəsində Sabirabadda təlim keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən reallaşdırılan “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Sabirabad rayonunun Nərimanabad kəndində təlim sessiyası keçirilib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) tərəfdaşlığı, Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə debat metodologiyası əsasında keçirilən təlim sessiyasında kəndin 20 fəal gənci iştirak edib.
Təlim sessiyası kənd gənclərinin debat, bədən dili mövzularında məlumatlılığının artırılması, onların natiqlik bacarığına yiyələnməsi məqsədilə həyata keçirilib.
Tədbirə Sabirabad Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin, Nərimanabad kənd bələdiyyəsinin nümayəndələrinin giriş nitqləri ilə start verilib. Daha sonra ARGTMŞ-ın “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının koordinatoru tərəfindən proqramın təqdimatı keçirilib. Təqdimat zamanı iştirakçılara proqramın yaratdığı imkanlar və bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib.
ARGTMŞ-ın nümayəndəsinin təqdimatından sonra DVC-nin təlimçi heyətinin üzvü tərəfindən debat metodologiyası əsasında təlim keçirilib.
Təlim zamanı, gənclər debat, bədən dili haqqında ətraflı məlumat əldə edib, natiqlik bacarıqlarına yiyələniblər. Təlim çərçivəsində gənclər komanda şəklində sözügedən mövzular ətrafında müzakirələrə qoşulublar. Tədbirin sonunda iştirakçılarının təltifolunma mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib. Bunu nəzərə alaraq, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir.
Bu günə qədər “Yerli Gənc” Proqramı çərçivəsində təlim sessiyaları Şəki rayonunun Kiş, Lənkəran rayonunun Separadi, İsmayıllı rayonunun Kürdmaşı, Ağdam rayonunun Quzanlı, Quba rayonunun Qımılqışlaq kəndlərində 120-dən çox gəncin iştirakı ilə keçirilib.