CƏMİYYƏT
“Yerli” Proqramının növbəti tədbirləri Aran iqtisadi rayonunda təşkil olunub
Bakı, 15 noyabr, AZƏRTAC
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti maarifləndirmə tədbirləri Aran rayonlarını əhatə edib. Tədbirlər Ağdaş, Yevlax, Kürdəmir, Ucar və Göyçay rayonlarında icra hakimiyyətləri, həmçinin gənclər və idman idarələrinin dəstəyi ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, proqramın məqsədi kəndlərdə yaşayan gənclərlə işin bir istiqamət kimi təbliğatının aparılması, bu sahədə fəaliyyət göstərən təşkilatların kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kəndlərdə yaşayan gənclərin ictimai fəaliyyətə cəlb olunması, onların bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verməkdir.
Gənclər Təşkilatları Milli Şurasının üzvü olan "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Ağdaş və Yevlax rayonlarında "Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi" adlı tədbir keçirilib. Tədbir könüllülük ideyasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılması, gənclərdə könüllülük işinə maraq yaratmaq, könüllü təşəbbüslərin üzə çıxarılması, könüllülər qrupunun formalaşdırılması məqsədilə reallaşıb. Təlimlər Yevlax rayonunun Xaldan, Ağdaş rayonunun Kükəl kəndlərində 84 gəncin iştirakı ilə keçirilib.
Ucar, Kürdəmir və Göyçay rayonlarında “Sahibkarlıq və biznes” mövzusunda keçirilən təlimlər isə 100 gənci əhatə edib. Təlimlər zamanı gənclərə mövzu ətrafında məqsədin təyin olunması, motivasiya və özünəinam, biznes ideyasının yaradılması və planı, biznes işində başlanğıc barədə ətraflı məlumat verilib. Gənclər komandalara bölünərək əldə etdikləri biliklər əsasında müzakirələrə qoşulublar. Tədbirin sonunda kənd gənclərinin təltifolunma mərasimi keçirilib.
Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurası 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramına start verib.