İQTİSADİYYAT
Yerli məhsul istehsalında vergiödəyicilərinin qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb
Bakı, 20 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
DVX-dən AZƏRTAC-a bildirilib ki, növbəti görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Tədris Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və ət məhsullarının istehsalı ilə məşğul olan aparıcı vergiödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.
Tədbirdə istehsal məqsədilə əsas vəsaitlərin və mal-materialların idxalı, ət və süd məhsullarının istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi, təsərrüfat subyektinin uçotu, elektron qaimə-fakturanın tərtibi, riskli vergiödəyicilərinin meyarları ilə bağlı təkliflər səsləndirilib. Yerli məhsul istehsalında sahibkarların qarşılaşdıqları çətinliklər ətrafında müzakirələr aparılıb.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, emal məhsulları ilə bağlı nəzərdə tutulan güzəştlər diqqətə çatdırılıb, sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.