İQTİSADİYYAT


Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlər üçün vergi güzəştləri nəzərdə tutulur

Bakı, 29 noyabr, AZƏRTAC

Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisdə müzakirə olunur.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və sair istiqamətləri əhatə edir.

Vergi Məcəlləsinə təklif olunmuş mühüm dəyişikliklərdən biri beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə sıfır dərəcə ilə cəlb edilməsidir.

Mövcud qanunvericilikdə beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti ƏDV-yə “0” dərəcə ilə cəlb edildiyi halda, həmin fəaliyyətə bağlı yardımçı nəqliyyat xidmətləri olan beynəlxalq və tranzit yük daşınması ilə əlaqədar ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nəqliyyat ekspedisiya xidmətlərini təşviq etmək, digər tranzit ölkələrdə analoji fəaliyyətlə məşğul olan xarici müəssisələrə rəqabətdə yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərən şəxslərin dayanıqlılığını təmin etmək məqsədilə beynəlxalq və tranzit yük və sərnişin daşınması ilə bilavasitə bağlı olan ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.