CƏMİYYƏT


“Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində təlim “ASAN xidmət”də

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də 2 saylı Gəncə “ASAN xidmət” mərkəzində “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində bacarıqların artırılması üzrə təlim proqramına start verilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankı tərəfindən birgə həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Agentliyinin, Asiya İnkişaf Bankının, Gəncədə fəaliyyət göstərən universitetlərin rəhbər şəxsləri çıxış ediblər. “ASAN xidmət”in bu sahədə fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunan istiqamətdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səyləri birləşdirilməsinin vacibliyi vurğulanıb.

Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin 30-dan artıq mentorunun iştirakı ilə baş tutan proqram bir həftə davam edəcək. Məqsəd yerli texnoloji startapların inkişafının təşviqi, iştirakçılar üçün uğurlu texnoloji startap mərkəzlərində idarəetmə təcrübələrinin paylaşılmasıdır. Həmçinin layihənin inkişafı və bazara çıxarılma mərhələlərində gələcək texnoloji startaplara inkubasiya xidməti və praktiki yardımın göstərilməsi, texnoloji startaplar və potensial sahibkarlar üçün dəstək fəaliyyətlərin idarə edilməsi ilə bağlı məlumatlandırma əsas hədəflərdir.

Təlimlər Almaniyanın “Steinbeis GmbH & Co.KG” və yerli “Ekvita Consulting MMC şirkətlərinin ekspertləri tərəfindən aparılır.

Asiya İnkişaf Bankı tərəfindən 2020-ci il dekabrın 3-də təsdiqlənmiş Texniki Yardım Layihəsi qrant şəklində Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilir. Məqsəd regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirilmək, startapların inkişafı üçün yerli institusional strukturu təkmilləşdirmək və texnoloji bilik əsaslı tərəfdaşlıqları inkişaf etdirməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.