MƏDƏNİYYƏT
“Yerli turizmin inkişafında bələdiyyələrin rolu” layihəsi başa çatmışdır
Bakı, 10 oktyabr (AZƏRTAC). “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Yerli turizmin inkişafında bələdiyyələrin rolu” layihəsi başa çatmışdır.
Layihənin rəhbəri Nailə İsmayılova AZƏRTAC-a bildirmişdir ki, layihə çərçivəsində Mingəçevir, Naftalan, Oğuz, Qax, Şəki, Qəbələ, Ağsu, Zaqatala, Balakən, İsmayıllı şəhər və rayonlarının bələdiyyə üzvləri ilə nəzərdə tutulmuş məsələ ilə bağlı görüşlər keçirilmişdir.
Görüşlərdə yerli turizmin inkişafına dair müzakirələr aparılmış, bu sahənin inkişaf etdiyi dövlətlərin təcrübələrindən yararlanmaq, müasir rabitə və informasiya texnologiyalarından istifadə etmək tövsiyə olunmuş, təkliflər dinlənilmişdir.
Layihənin əsas məqsədi “Turizm ili” çərçivəsində vətəndaş cəmiyyəti ilə yerli özünüidarəetmə orqanlarının birgə işini təqdim etməklə, ölkəmizdə turizmin inkişafına dəstək vermək, bu sahənin inkişafında xarici ölkələrin qabaqcıl təcrübələrindən faydalanmaqdır.